“Ümid edirəm ki, hazırlıq işləri üçün iki ölkənin energetika nazirləri tezliklə görüşəcəklər. Xudafərin, Qız qalası hidroqovşaqları və su bəndlərinin açılış mərasimi sərhəddə hər iki prezidentin iştirakı ilə baş tutacaq”, - deyə diplomat əlavə edib. Səfir həmçinin qeyd edib ki, Araz körpüsü üzərində keçid məntəqəsi və Ağbənd körpüsü üzərində avtomobil və dəmir yolu xəttinin tezliklə istismara verilməsi üzrə işlər davam edir.
Martın 18-də Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan, iki ölkə arasında müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əminliyin ifadə edildiyi, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsinin aparıldığı telefon danışığından sonra İlham Əliyev yenidən Xankəndiyə səfər edib, Xankəndinin mərkəzi meydanına Zəfər meydanı adını verib, Novruz tonqalını alovlandırıb və bildirib: “Uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. Məhz bu meydanda xalqımıza qarşı çirkin planlar hazırlanırdı. Məhz bu binada Xocalı soyqırımının törədilməsi üçün əmrlər verilmişdir. Bu gün isə biz bu meydanda dayanmışıq. Əziz xalqıma bildirmək istəyirəm ki, bu meydana mən “Zəfər meydanı” adı vermişəm, bundan sonra bura Zəfər meydanıdır”.
Belə bir təəssürat var idi ki, həmin gün cənubda, Araz vadisində görüş baş tutacaq və İran-Azərbaycan münasibətlərində yeni dövrün başlanğıcı qoyulacaq. Xüsusilə Azərbaycanın energetika naziri Tehranda idi, buna qədər məlum olmuşdu ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Hörmüz boğazında Rusiya-İran-Çin “Dəniz sərhədinin mühafizəsi 2024” təlimlərində müşahidəçi qismində iştirak edir. Azərbaycan Xarici İşlər Nazirliyi isə yaxın gələcəkdə Tehrandakı səfirliyin tam fəaliyyətinin bərpasına eyham vurmuşdu.
Lakin martın 18-də, eləcə də Novruz bayramı günlərində İlham Əliyev-İbrahim Rəisi görüşü baş tutmadı. İranın Bakıdakı səfiri çətin ki, özbaşına nəsə deyib. Güman etmək qalır ki, İlham Əliyev-İbrahim Rəisi görüşü planlaşdırılmışdı, amma ən azından təxirə salınıb. Niyə? İlham Əliyevdən sonra Rəisinin də Vladimir Putinlə telefon danışığı olub. “Irna” xəbər agentliyinin məlumatına görə, Tehran Cənubi Qafqazdakı hadisələri və inkişafları qiymətləndirməkdə həssasdır və milli maraqları qorumaqda qətiyyətli olduğunu vurğulayır.
Lakin İran Prezidenti “problemlər region ölkələrinin iştirakı ilə həll olunmalıdır” deyə təkrarlamayıb, hər halda bu barədə eyham yoxdur. Aydındır ki, İran Cənubi Qafqazda baş verən həssas hadisələri və inkişafları ikitərəfli, Rusiya-İran münasibətləri çərçivəsində nəzərdən keçirir və bu mənada “milli maraqlarını qorumaq fikrindədir”. Eyham nəyə aiddir?
Harada, hansı prinsipial məsələdə Cənubi Qafqazdakı hadisələr və inkişaflar İranın marağını görməzdən gələ bilər? Prezidentlərin görüşü Rusiya-İran “fikir ayrılıqları” səbəbindən təxirə salınmayıb? Moskvadan fərqli olaraq Tehran NATO Baş katibinin regiona səfərini açıq şəkildə tənqid etməyib. Həmin günlərdə ekspertlərdən biri Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin 10 noyabr sənədinin 9-cu bəndinə görə Azərbaycan Zəngəzur dəhlizini açmağa və nəzarəti Rusiyaya verməyə borcludur fikrini ifadə edib.
Moskva Azərbaycandan Naxçıvana quru əlaqəsinin yaradılmasının və nəzarətin Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarına həvalə edilməsinin zərurətini dəfələrlə bəyan edib və israrla vurğulayır ki, Ermənistan-Azərbaycan nizamlanmasının əsasını üçtərəfli formatda əvvəllər əldə edilmiş razılaşmalar təşkil edir.
Belə görünür ki, Moskva və Tehranın yanaşmaları eyni deyil. Rəisi-Putin telefon danışığı ilə bağlı açıqlamada başqa bir nüans var: Rusiya Prezidenti Rusiya-İran hərtərəfli əməkdaşlıq sazişinin həqiqətən yekunlaşma mərhələsində olmasından danışıb. Həmin müqavilənin imzalanması ikinci ildir ki, yubanır. Bu vurğu niyə edilib?
Məsələ Cənubi Qafqazın münaqişədən sonrakı status-kvosudur? Moskva və Tehranın kifayət qədər yaxın münasibətlərinə baxmayaraq, hələ də razılığa gələ bilmədiyi məsələ Zəngəzur dəhlizidir?
Firuz Bağırov
Ordu.az